Ölkədə vətəndaş cəmiyyətinin daha da inkişafına, müəyyən olunmuş QHT strategiyasının düzgün istiqamətdə irəliləməsinə çalışan QHT-lərdən biri də Mirzə Ələkbər Fondudur.
Lent.az-ın məlumatına görə, Fondun prezidenti, şairin nəvəsi Sevda Tahirli bildirib ki, təşkilat dahi şairin maarifləndirmə, Azərbaycan gənclərinin elmə, təhsilə üstünlük verməsi, daha üstün cəmiyyət quruculuğunda öz yerlərini tapması üçün atdığı addımları incələyib, həmin yolla getməyi özünə əsas istiqamət kimi seçib: “Şairin adını daşıyan Fond onun zəngin mənəvi irsinin daşıyıcısı sayıla bilər. Təşkilatı yaratdığımız elə ilk günlərdən biz məhz bu yolu seçmişik. Gənclərə milli-mənəvi dəyərlərin aşılanması, mədəniyyətimizin təbliği, dilimizin qüsurlardan təmizlənməsi, ayrı-ayrı TV və saytlarda gedən üslub və qrammatik səhvlərin monitorinqi prioritet istiqamətlərimizdəndir. Bu istiqamətdə xeyli işlər görmüşük və bu, ictimaiyyət tərəfindən müsbət qarşılanıb”.
Fondda keçirilən “Fərdi özünüinkişaf təlimləri” adlı tədbirdən də söz açan QHT sədri deyibn ki, belə tədbirlər gənclərin özünəinamının gücləndirilməsində, onların motivasiyasının artırılmasında, şəxsi keyfiyyətlərinin müsbətə doğru irəliləməsində əvəzsiz rola malikdir: “Tanınmış təlimçi, qhtxeber.az portalının baş redaktoru Sənan Nəcəfovla razılaşmamız var. O, Fond tərəfindən reallaşan bu təlimlərdə gənclərlə işləməyi, onlara təlim keçməyi öz üzərinə götürüb. Adını çəkdiyim tədbirlər özünün dinamikliyi, pozitivliyi və rəngarəngliyi ilə seçilib. Biz fond olaraq bu kimi təlimlərin gələcəkdə də keçirilməsini təmin edəcəyik”.
Xatırladaq ki, Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə həftə sonları keçirilən təlimlər “Kütlə qarşısında mükəmməl nitq”, “NLP ilə mükəmməl ünsiyyət qurma bacarığı”, “Vaxtın idarə olunması (Time-menecment), “Beyin xəritəsilə gələcək işlərin planlaması” (mind-map), Bədən dili, iş üçün müsahibələrə hazırlıq, ictimaiyyətlə əlaqələrin qurulması (PR-ın təşkili) mövzularını əhatələyir.