“Türk Dünyası Kültür-Sanat Platformu” 2015-ci ildə Türk Dünyasına Xidmət mükafatına millət vəkili Qənirə Paşayevanı layiq görüb.
Lent.az-ın məlumatına görə, Platform rəhbəri Ş.Kuzəçi bildirib ki, qurum millət vəkili Q. Paşayevanı Türk dünyası mədəniyyəti, ədəbiyyatı, sənətinə xidmətlərinə və harada yaşamasından asılı olmayaraq türk insanına dəstəyinə görə bu mükafata layiq görüb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Gölbaşı Bələdiyyəsi və UKDE tərəfindən keçirilən tədbir çərçivəsində Platform rəhbəri Ş. Küzeci ilə Gölbası Bələdiyə sədri Fatih Duruay tərəfindən mükafat millət vəkili Q. Paşayevaya təqdim edilib.
Türkiyənin bir sıra rəsmi şəxsləri, aydınları, şair, yazarları, KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş çoxlu sayda şair, yazar, aydının iştirakı ilə keçən tədbirdə belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara təşəkkürünü bildirib.
Tədbir çərçivəsində millət vəkili Q. Paşayeva Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yazar, şair, araşdırmaçılarla görüşüb, müzakirələr aparıb, KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib.