Millət vəkili Qənirə Paşayeva İstanbulda Özyeğin Universitetində Qarabağ problemi ilə bağlı konfrans keçirib. Lent.az-ın məlumatına görə, millət vəkili ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edərək Ermənistanın törətdiyi təxribatlar, mülkü vətəndaşlarımıza qarşı insanlıqdan kənar cinayətlər barədə geniş məlumat verib.
Q. Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində beynəlxalq təşkilatları ittiham edib və bildirib ki, onlar qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün işğalçı dövlətə heç bir təzyiq göstərmirlər. Millət vəkili türk dünyasının diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb.
Millət vəkili deyib ki, Almaniya Bundestaqında qondarma erməni soyqırımı iddialarının müzakirəyə çıxarılacağı barədə xəbərlər hamını ciddi narahat etməlidir: “Bu iddiaların müzakirəyə çıxarılması və ya bununla bağlı hər hansı bir sənədin qəbulu dünyanın hər yerində yaşayan türk insanı üçün böyük zərbədir. Türk milləti heç bir zaman soyqırım törətməyib. Ermənilər həm 20-ci əsrin əvvəllərində, həm də sonlarında Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirib. Amma təəssüf ki, bu gün qondarma erməni soyqırımını öz maraqları üçün müzakirəyə çıxaranlar Ermənistanın modern dünyanın gözləri qarşısında törətdiyi Xocalı soyqırımını görmək istəmirlər”.
Konfransın sonunda millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını və Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.