Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Şanlıurfaya səfəri zamanı bölgə valisi İzettin Küçükle görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili Dağlıq Qarabağ problemi və münaqişə ilə bağlı son vəziyyət barədə geniş danışıb: “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmir. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib gözəl torpaqlarımızı işğaldan azad edəcəyik və Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik”.
Q. Paşayeva Şanlıurfa valisinə həmmüəllifi olduğu “Xocalı Soyqrımı tanıqların dilindən”, “Karabağ hikayeleri” kitablarını hədiyyə edib, qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətləri, Xocalı soyqırımı və türk dünyasının müxtəlif bölgələrində insanların üzləşdiyi işğalları, qətliamları, sürgünləri, zülmləri dünyaya daha geniş şəkildə tanıdılması mövzusunda konfrans keçiriləcəyini deyib.
Şanlıurfa valisi öz növbəsində görüşdən məmnunluğunu bildirib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının növbəti hissələrində Şanlıurfanın da yer alacağını bildirib və onu ölkəmizə dəvət edib.
Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədəki vəziyyətlə bağlı da geniş söhbət aparılıb.