Millət vəkili Qənirə Paşayeva Osmanqazi Universitetinin rektoru Prof. Dr. Hasan Gönen ilə görüşüb. Lent.az-ın məlumatına görə, universitetin rektoru Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını deyib.
Q. Paşayeva çıxışında dünyanın terrorla mübarizədə ikili standartlarının təəssüf hissi doğurduğunu deyib.
Millət vəkili Osmanqazi Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu qeyd edərək, burada təhsil alan azərbaycanlı tələbələrin özlərini vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib.
Millət vəkili, Universitetin rektoru Prof. Dr. Hasan Gönenə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb, universitetdə Azərbaycan, Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. Millət vəkili mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Universitetin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib.
Qənirə Paşayeva Osmanqazi Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib və onu Azərbaycana dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən rektor Prof. Dr. Hasan Gönen rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkili Q. Paşayevanın Osmanqazi Universitetində verdiyi konfransı “çox önəmli hesab etdiyini”, deyərək onu universitetdə yaxın zamanlarda təkrar konfranslar verməyə dəvət edib. Görüşdə araşdırmaçı yazar İmdat Avşar da iştirak edib.