Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Misirin paytaxtı Qahirədə keçirilən Biznes və Peşəkar Qadınların Beynəlxalq Federasiyasının təşkil etdiyi XXIX "BPW" Beynəlxalq Konqresində iştirak edib. Lent.az-ın məlumatına görə, dünyanın 40-dan artıq ölkəsindən yüzlərlə fəal qadınların qatıldığı sammitdə qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.
Q. Paşayeva konqres çərçivəsində bir sıra ölkələrdən gəlmiş nümayəndə heyətləri ilə görüşüb və Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib.
Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib.