Türkiyənin Aydın bölgəsində Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva İncirliova bələdiyyə başqanı Kürşat Kale ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə qədim İncirliovanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb, yaxın zamanlarda İncirliovanın mərkəzi küçələrdən birinə Laçın, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə inandığını deyib.
Azərbaycana bir neçə dəfə səfər etdiyini və illər əvvəl bir neçə ay Azərbaycanda yaşadığı deyən Kürşat Kale İncirliova bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.
O, Qənirə Paşayevanın İncirliovada Laçın küçəsi və Qarabağ parkı təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.
Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Q. Paşayeva kitabın növbəti hissələrində qədim İncirliovanın da yer alacağını bildirib. Millət vəkili İncirliova bələdiyyə başqanı Kürşat Kale və xanımını Azərbaycanda yenidən görməkdən məmnun olacaqlarını bildirib.
Sonda millət vəkili Kürşat Kaleyə həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”, “Karabağ hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim İncirliovanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.
Görüşdə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, üzvləri Cavid Əliyev və Nigar Selcan Yusuf da iştirak edib və bir sıra fikir və təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.