Millət vəkili Qənirə Paşayeva Finlandiya Türk Dərnəyi Başqanı Engin Uludamarla görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı millət vəkili deyib ki, Finlandiyada fəaliyyət göstərən Türk soylu diasporlar Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin Finlandiya cəmiyyətinə və dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması ,“qondarma erməni soyqırımı”na qarşı mübarizə aparmaq üçün birlikdə çalışmalarını sürətləndirməlidirlər.
Deputat Finlandiya Türk Dərnəyi başqanı Engin Uludamara Azərbaycana, onun haqlı davasına hər zaman göstərdiyi diqqətə görə təşəkkür edib və rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB adından ona Azərbaycanla bağlı materiallar, yeni çapdan çıxmış “Karabağ hikayeleri” kitabını da təqdim edib.
Finlandiya Türk Dərnəyi başqanı bəyan edib ki, təşkilat indiyə qədər olduğu kimi, bundan sonra da daim Azərbaycanın həqiqətlərinin daha geniş yayılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz səylərini daha da artıracaqlar.
E. Uludamar eyni zamanda Finlandiyada yaşayan azərbaycanlılar və onların təşkilatları ilə də əməkdaşlığı getdikcə daha da gücləndirdiklərini vurğulayıb.
Görüşdə bu istiqamətdə görülən işlər və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib, təkliflərini səsləndirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.