Millət vəkili Qənirə Paşayeva Çanakkalanın Onsekiz Mart Universitetində “Azərbaycan və Türkiyə bir millət, iki dövlət münasibətlərinin dünəni, bu günü və gələcəyi ” adlı konfrans verib. Lent.az-ın məlumatına görə, Çanakkala valisi, bölgənin rəsmi şəxsləri, universitetin rəhbərliyi, müəllimləri, QHT və KİV təmsilçilərinin geniş qatıldığı konfransda çıxışında Q.Paşayeva terror nəticəsində və terrorla mübarizə zamanı həyatını itirmiş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib: “Xocalı Soyqırımında, Qarabağda törədilən cinayətlərdə birbaşa əli olan Ermənistanın cinayətkar müdafiə naziri Seyran Ohanyan PKK terror təşkilatı sıralarında Türkiyəyə qarşı savaşan birisinin cənazə mərasiminə qatılıb və həmin cənazə Ermənistan və PKK terror təşkilatı bayrağına sarılmışdı. Bu bir daha onu göstərir ki, 24 il əvvəl Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə görə ədalət qarşısında cavab verməyən o canilər indi də Türkiyə əleyhinə terrora və terror hadisələrinə dəstək verir”.
Q. Paşayeva çıxışında 31 Mart soyqırımı, 1992-ci il Xocalı və Qaradağlı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları,1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu soyqırımların, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.
Millət vəkili Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.
Q. Paşayeva tədbir iştirakçılarına həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imazalı hədiyyə edib. Millət vəkili həmçinin universitetdə çalışan azərbaycanlı alimlər, aydınlarla da görüşüb və geniş söhbət edib.