Millət vəkili Qənirə Paşayeva AŞPA-da Avropanın qaçqın və köçkün siyasətini sərt tənqid edib.
Lent.az-ın məlumatına görə, AŞPA-da Suriya köçkünlərinin vəziyyəti, üzləşdiyi problemlərlə bağlı 3 qətnamə layihəsinin geniş müzakirəsi zamanı çıxış edən Azərbaycan nüməyəndə heyətinin üzvü Q.Paşayeva insanları köçkün salan, köçkünə çevirən səbəblərə qarşı Avropa Şurasının və Avropadakı digər bynəlxalq qurumların ciddi mübarizə aparmalı olduğunu qeyd edib: “İnsanları köçkün salan səbəblərə qarşı sərt mübarizə olmasa, köçkünlərin sayı daha da artacaq. Mən Ermənistanın Azərbaycan torpaqlarını 20 % işğal etməsi səbəbindən 1 milyon insanı köçkün düşmüş bir ölkənin təmsilçisiyəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki işğaldan azad etmir və 1 milyon azərbaycanlı bu gün də köçkün həyatı yaşayır. Köçkün həyatının nə olduğunu biz çox yaxşı biliriik”.
Türkiyədə 3 milyon köçkün olduğunu deyən millət vəkili Avropanı Türkiyəyə daha çox dəstək göstərməyə çağırıb: “Çünki Türkiyənin köçkünlər məsələsində Avropa tərəfindən həm maddi, həm də mənəvi anlamda yalnız buraxıldığını görürük. Türkiyəyə beynəlxalq ictimaiyyətin dəstəyi çox azdır və Avropa məsuliyyətin bir hissəsini üzərinə götürərək dəstəyini artırmalıdır. Təəssüf ki, bir sıra Avropa ölkələrində bu yanaşmanı görmürük. Səbəblərlə mübarizə güclənməzsə, köçkünlərin sayı azalmayacaq, əksinə daha da artacaq və problemlər də daha da gərginləşəcək. Evlərindən köçkün düşmüş insanlara dəstək olmaq bir insanlıq vəzifəsidir və mən Avropa Şurasını, AŞPA-nı, bütün üzv ölkələri köçkünlərə hər cür yardım etməklə yanaşı, onların öz evlərinə dönə bilməsi istiqamətində də daha çox dəstək göstərməyə, daha fəal çalışmağa çağırıram”.