<b>Aztəminatlı ailələrə kiçik biznes təsərrüfatları qurulacaq</b>
08 aprel 2016 14:56 (UTC +04:00)

Aztəminatlı ailələrə kiçik biznes təsərrüfatları qurulacaq

 

“Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” dünən imzaladığı sərəncama əsasən, 68 rayonun hər biri üzrə 20 ailə seçilməklə, onların hər birinə kiçik biznes təsərrüfatlarını qurmaq üçün 4 min manat məbləğində vəsait ayrılması işlərinin aparılması nəzərdə tutulur”.

 

Lent.az-ın məlumatına görə, bunu KİV-ə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

 

S.Müslümov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq aztəminatlı vətəndaşların sosial təminatının gücləndirilməsi işləri ilə yanaşı, onların aktiv əmək bazarı proqramlarına cəlb olunması məsələsinə xüsusi diqqət yetirilir, bununla bağlı müvafiq təhlillər aparılır: “ Hələ ötən il Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə Göyçay və Şamaxı rayonlarında reallaşdırılan pilot layihələr çərçivəsində seçilmiş 32 aztəminatlı ailənin müxtəlif sahələr üzrə öz ailə biznes təsərrüfatlarını yaradaraq, özünüməşğulluq imkanlarına yiyələnmələri təmin olunub. Eyni zamanda BƏT-in təqdim etdiyi məlumatlar əsasında müvafiq sahədə dünya praktikası nəzərdən keçirilərək, iqtisadiyyatın tələblərinə uyğun şəkildə və məşğulluq imkanlarının artırılması üçün aztəminatlı ailələrlə bağlı aktiv əmək bazarı proqramlarının hazırlanması diqqətdə saxlanılıb. Dövlət başçısının 7 aprel tarixli sərəncamı ilə bu sahəyə, yəni əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb və bu sərəncam həmin pilot layihələr üzrə özünü doğrultmuş praktikanı bütün ölkə üzrə genişləndirməyə imkan verir”.

 

Nazir əlavə edib ki, əmək fəaliyyəti ilə məşğul olmaq üçün azı iki nəfər əmək qabiliyyətli üzvü olan ailələrin öz kiçik təsərrüfatını yaradıb, ailə üzvlərinin maddi təminatını təmin etmək imkanları var. “Sərəncama əsasən, 68 rayonun hər biri üzrə 20 ailə seçilməklə, onların hər birinə kiçik biznes təsərrüfatlarını qurmaq üçün 4 min manat məbləğində vəsait ayrılması işlərinin aparılması nəzərdə tutulur”.

 

S.Müslümov bildirib ki, bununla əlaqədar BƏT-in ekspertləri Azərbaycana gələcək. Qeyd edilən proqrama cəlb edilmək üçün ailələrin seçilməsi və kiçik biznes təsərrüfatlarının yaradılmasının onlara öyrədilməsi üçün həmin 68 rayonun hər biri üzrə 2 nəfər, yəni ümumilikdə 136 ekspert hazırlanması üçün onlara kurs keçiləcək. Beləliklə də təqribən 3 aylıq müddətdən sonra artıq bu aktiv əmək bazarı proqramına, təsərrüfatların formalaşdırılmasına başlanacaq. Sonrakı mərhələdə belə proqramların bütün ölkə üzrə tətbiqi işlərinin daha da genişləndirilməsi təmin olunacaq. Həmin ailələrin bu sahədə fəaliyyəti nəzarətdə saxlanacaq. Onlara veriləcək təsərrüfat əşyalarının, mal-qaranın və s. sığortalanması da təmin ediləcək.

 

# 149
avatar

Oxşar yazılar