Prezident Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, fərman Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə verilib. Fərmana əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılır: "Sumqayıt şəhərinin inzibati ərazisində "Pilot layihə" çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir".
Nazirlər Kabineti Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti işçilərinin say həddinə bir ay müddətində yenidən baxmalı və Prezidentə məlumat verməli, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin maddi-texniki təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görməlidir.