Bu gün prezident İlham Əliyev Qubada Azərbaycan Milli Qolf Klubunun açılışında iştirak edib. APA-nın məlumatına görə, burada yaradılan şəraitlə tanışlıq zamanı prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, inşasına ötən il başlanılan klubun 44 qolf avtomobilindən ibarət parkı var.
Prezident və xanımı elektromobillə klubun ərazisini gəzib.
Məlumat verilib ki, qolf sahəsinin ümumi ərazisi 92 hektar, meydançanın sahəsi isə 75 hektardır. İnzibati bölmədə idman avadanlığı mağazası və kafe var. Bu idman obyektinin Cənubi Qafqaz regionunda bənzəri yoxdur. Belə ki, bu idman qurğusu regionda 18 dəlikli ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılıb. Burada həm də qolf üzrə müxtəlif treninqlərin keçirilməsi nəzərdə tutulur.
Sonra prezident İlham Əliyevə və Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim olunub. Dövlət başçısı yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.