Prezident İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfərə gedib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib, xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısına görülən işlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, poliklinika şöbələri fəaliyyət göstərəcək. Bundan əlavə, şüa-diaqnostika, hemodializ, patoloji-anatomiya və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq. Bu şöbələrin hamısı tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.