Prezident İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısına məlumat verilib ki, regionların birləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olub. Yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən keçməsidir. Buna görə yol boyu geniş bərkitmə və torpaq işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yolun yenidən qurulması layihəsində nəzərdə tutulan 7 eyni səviyyəli dairəvi yol kəsişməsinin, 54 yol birləşməsinin və 263 suötürücü borunun tikintisi işləri aparılıb, həmçinin 6 körpü sökülərək yenidən inşa edilib. Bundan başqa, layihə üzrə avtomobil yolunda yol qurğuları və avadanlıqlarının, elektrik dirəklərinin quraşdırma işləri həyata keçirilib, 39 avtobus dayanacağının tikintisi aparılıb, yol hərəkəti nişanları qoyulub, piyada səkiləri tikilib, drenaj işləri görülüb.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.