Pensiyaların orta aylıq məbləği yoxsulluq həddini 1,7 dəfə üstələyib - <span style="color:red;">YENİLƏNİB
11 fevral 2014 16:15 (UTC +04:00)

Pensiyaların orta aylıq məbləği yoxsulluq həddini 1,7 dəfə üstələyib - YENİLƏNİB

2013-cü ilin yekunlarına əsasən, Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manata, orta aylıq məbləği 170,4 manata çatdırılıb. Yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ isə 188,1 manat, əvəzetmə əmsalı 45 faiz təşkil edib. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Fondda 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclasında çıxışı zamanı deyib. O vurğulayıb ki, ötən il pensiyaların indeksləşdirilməsi və artımı ilə bağlı ölkə prezidentinin 2 sərəncamı icra olunub. Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib: “Halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Bütün bunlar Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair ölkə prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir”.

 

 E. Mehdiyev nəzərə çatdırıb ki, 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2588,3 mln. manat olub. Həmin dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2530,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 127,3 mln. manat və ya 5,3 faiz çoxdur. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

 

Pensiya xərcləri 2012-ci ilə nisbətən 5,3 faiz və ya 124,3 mln. manat artaraq 2468,2 mln. manat təşkil edib. 2013-cü ildə əhaliyə məcburi dövlət sosial sığortası hesabına 62,3 mln. manat məbləğində müavinət ödənilib.

 

E. Mehdiyev ölkə üzrə əmək pensiyaçılarının sayı barədə də məlumat verib. O bildirib ki, ilkin məlumatlara görə, 2013-cü ilin əvvəlinə 1272,1 min nəfər olub və il ərzində 4,1 min nəfər və ya 0,3 faiz artaraq (o cümlədən yaşa görə 7,6 min nəfər azalıb, ailə başçısını itirməyə görə 3 min nəfər, əlilliyə görə 8,7 min nəfər artıb) ilin sonuna 1276,2 min nəfər təşkil edib.

# 766

Oxşar yazılar