Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu məhkumların nikaha daxil olması ilə bağlıdır.
Maraqlıdır, görəsən, məhkumlar nikaha necə daxil ola bilərlər?
Lent.az xəbər verir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci maddəsinə əsasən nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər. Qanun humanist mövqedən yanaşaraq məhkumlara və barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərə münasibətdə də bu hüququ tanıyır. Məhkumlarla və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikah cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanalarının olduğu yer üzrə Qeydiyyat şöbəsi tərəfindən qeydə alınır.
Məhkumun arzusu ilə nikahın qeydə alınma qaydası
Nikah bağlamağı məhkum arzu edirsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onu müəyyən olunmuş forma üzrə nikah haqqında ərizə blankı ilə təmin edir. Məhkum ərizənin özünə aid hissəsini doldurduqdan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyəti ərizədə göstərilən məlumatları məhkumun şəxsi işindəki sənədlərlə tutuşdurur, onun imzasını və ərizədə göstərilən məlumatların doğruluğunu (cəzaçəkmə müəssisəsi rəisinin imzası və möhürlə) təsdiq edir. Bundan sonra cəzaçəkmə müəssisəsinin müdiriyyəti ərizəni məhkumun nikaha daxil olmağı arzu etdiyi şəxsə göndərir. Belə ərizəni alan şəxs nikah bağlamağa razı olduqda, özünə aid hissəsini doldurur və Qeydiyyat şöbəsinə şəxsən təqdim edir.
Qeydiyyat şöbəsi nikah haqqında birgə ərizəni qəbul edərək nikahın qeydiyyatı gününü və vaxtını cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə razılaşdırmaqla müəyyən edir, bu barədə nikah bağlayan şəxslərə, o cümlədən məhkuma cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə qabaqcadan məlumat verir. Məhkumla nikahın qeydiyyatı nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin Qeydiyyat şöbəsi ilə razılaşdırmaqla müəyyən etdiyi yerdə (binada, otaqda) həyata keçirilir.
Digər tərəfin təşəbbüsü ilə nikahın qeydə alınma qaydası
Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrası zamanı məhkumlarla, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərlə nikahın qeydə alınmasını digər tərəf arzu etdikdə, nikahın qeydə alınması yuxarıda göstərilənlərə uyğun olaraq ümumi qaydada həyata keçirilir.