Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda kimsəsizlər üçün iftar süfrələri açılıb
10 iyul 2015 12:58 (UTC +04:00)

Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda kimsəsizlər üçün iftar süfrələri açılıb

 

İyulun 9-da Azərbaycanın  birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Nazirlər Kabinetinin  nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal)  təşkilatının Talassemiya Mərkəzində, həmçinin, Pakistanın Abbotabad və Lahor şəhərlərində  kimsəsiz uşaqlar evlərində  iftar süfrələri təşkil edilib. Lent.az-ın məlumatına görə, mərasimdə Pakistanın Neft və Təbii Sərvətlər Naziri Shahid Khaqan Abbasi, Hakim Pakistan Müsəlman Liqası partiyasının şimal bölgəsi üzrə prezidenti, Milli Assambleyanın komitə sədri Raca Muhammad Farooq, Bayt ul Malın direktoru Abid Vahid Şeyx, Senatorlar, Pakistanın nüfuzlu ictimai-siyasi xadimləri, KİV nümayəndələri, Talassemiya mərkəzdə müalicə alan uşaqlar, federal paytaxtda yerləşən  uşaq evinin sakinləri, iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın səfiri Daşqın Şikarov, dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərdən, iki qardaş xalqları biri birlərinə bağlayan  ümumi dini, mədəni dəyərlər barəsində  danışıb.

 

Heydər Əliyev Fondunun  Bayt ul Malla əməkdaşlığının 2012-ci ildən başladığını bildirən Abdul Vahid Şeyx, M. Əliyevanın kimsəsiz uşaqlara dəfələrlə humanitar yardımlar etdiyini qeyd etmiş, Heydər Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş ilk donor olduğunu xüsusi vurğulayıb.

 

Mərasim iştirakçıları üçün təşkil olunmuş iftar süfrəsindən sonra D. Şikarov Heydər Əliyev Fondu adından Talassemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim edib.

 

Daha sonra səfirin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Səfir, səfirliyin əməkdaşları və tədbirdə iştirak edən  digər könüllü donorlar qan veriblər.

 

İftar yeməyi və qanvermə aksiyalarından sonra uşaq evlərinin sakinləri tərəfindən hazırlandığı səhnəciklər nümayiş etdirilib. Sonra konsert olub.

 

Qeyd edək ki, bu tədbir Pakistanın dövlət və özəl televiziya kanallarında nümayiş olunub, 30-dan çox qəzet və agentliklər tərəfindən  işıqlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430
avatar

Oxşar yazılar