Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Oktyabr
17 oktyabr 2015 20:00 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Oktyabr

GÜNÜN ŞƏRHİ

 

Rusiya Suriyada hərbi əməliyyatlara başlamasını dini radikalizm təhlükəsi ilə izah edir. Daha doğrusu Kreml deyir ki, İŞİD məhv edilməsə, ipin ucu Rusiyaya gəlib çıxa bilər. Əksəriyyət bunu arqument yox, bəhanə sayır. Hətta Suriyada hərbi əməliyyatlara başlamaq üçün bəhanə olsa belə, Rusiyada dini radikalizm meyllərinin artması ehtimalı əvvəlki illərə nisbətən daha böyükdür. Ölkə iqtisadi böhran vəziyyətindədir, bu böhran əhalinin, xüsusilə dotasiyada yaşayan Şimali Qafqaz respublikalarında insanların durumuna mənfi təsir edir. Sosial durumun ağırlaşması insanların dini radikal qruplaşmalara meyllənməsinə səbəb ola bilər. Digər tərəfdən İŞİD-in məhv edilməməsi, əksinə Suriya və İraqda qalib mövqedə olması bütün ölkələr üçün, Rusiya üçün də ciddi təhdiddir. Çünki bu həm Rusiyanın müsəlman əhalisində İŞİD-ə rəğbəti artırmış olacaq, həm də İŞİD qalib durumundan istifadə edərək fəaliyyətini Rusiya ərazisinə keçirmək həvəsinə düşəcək. Rəsmi rəqəmlərə görə İŞİD sıralarında 2 minədək Rusiya vətəndaşı döyüşür və İŞİD-in məhv edilməməsi bu rəqəmin artmasın təsir edə bilər. İŞİD-in bu savaşdan qalib ya məğlub çıxması Rusiya üçün eyni dərəcədə təhdid təşkil edir, çünki hər iki halda İŞİD sıralarında döyüşən Rusiya vətəndaşları evlərinə dönməli olacaqlar. Bu isə ölkəyə tam hazırlıqlı yüzlərlə terrorçunun daxil olması deməkdir. Bu mənada Rusiya üçün İŞİD-i tam şəkildə məhv etməkdən başqa yol yoxdur. Bu, hər mənada Rusiyanın maraqlarına cavab verir. Nəzərə alsaq ki, Moskva Suriyada istəyinə nail olsa, Qərblə bazarlıq üçün əlavə arqument qazanmış olacaq. O zaman rusların Suriya siyasətinin mahiyyətini anlamaq o qədər də çətin olmaz. 

# 170
avatar

Oxşar yazılar