GÜNÜN ŞƏRHİ
Neftin taleyinə iki gün sonra aydınlıq gətiriləcək. Doha görüşünün nəticələrinin qiymət artımına səbəb olmayacağını indidən söyləmək olar. Birincisi, görüşdə hasilatı dondurmaqla bağlı yekdil qərarın qəbulu ehtimalı çox azdır. İran və Səudiyyə Ərəbistanının bir-birinə zidd maraqları yekdil qərar qəbul etməyə imkan vermir. İkincisi, Doha görüşündən çıxa biləcək mümkün pozitiv qərar artıq bir müddətdir ki, neftin qiymətində öz əksini tapıb. Görüşün bazara psixoloji təsiri böyük olduğundan Doha müzakirələri ərəfəsində qiymətlər maksimuma - 44 dollara çatıb. Əgər, proqnozlarda yanılarsaq və Dohada tərəflər ortaq məxrəcə gələ bilərlərsə, o zaman qiymətlər müvəqqəti olaraq 48-50 dollaradək bahalaşa bilər. Əksinə, Doha görüşü nəticəsiz qalarsa, o zaman neftin sürətlə ucuzlaşmasının şahidi olacağıq. Sual oluna bilər, neftin bahalaşması bütün ixracçı ölkələrə xeyir gətirirsə, niyə İran, yaxud İraq hasilatı 11 yanvar səviyyəsində dondurmağa qarşı çıxır? Cavab sadədir, hasilatın azaldılması ölkələrin dünya bazarında yerinin daralmasına səbəb olacaq, bu səbəbdən heç kim hətta ümumi mənafe naminə belə alıcılarını başqasına güzəştə getmək istəmir. Doha görüşünün nəticəsiz qalacağına başqa bir əsas isə OPEK ölkələrinin öz aralarında konsensusa gələ bilməməsidir. Kartel kvota ilə bağlı müvafiq qərar qəbul etsə də, həmişə sonda məlum olur ki, OPEk üzvlərinin demək olar ki, heç biri kvotaya əməl etmir və bazara artıq həcmdə neft çıxarırlar. Belə olan təqdirdə, Dohada müsbət qərar verilsə belə, bu qərara riayət olunacağına kim qarantiya verə bilər? Neft bazarı hələlik bu suallara cavab tapmağa çalışır. Cavabı tapmaq üçün isə cəmi 48 saat gözləmək lazım gələcək.
Vüqar MƏSİMOĞLU
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Aprel
207