Ötən ay əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ümumilikdə 143363 dəfə faydalanıb.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o cümlədən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 114952 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 28411 dəfə istifadə qeydə alınıb.
Bildirək ki, hər iki e-xidmət 2014-cü ilin ortalarında ölkəmizdə əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən istifadəyə verilib və əhalinin ən çox müraciət etdiyi e-xidmətlər sırasındadır. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək müqaviləsi bağlanıldığı, ona dəyişiklik edildiyi və ya xitam verildiyi halda bu barədə müvafiq bildiriş formasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi üçün nəzərdə tutulub. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti isə işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir.
Bundan başqa, “Elektron Hökumət” portalından ümumi istifadənin dekabr ayı ərzində 23,4 faizi (168 584 dəfə istifadə) və ya 2015-ci il ərzində 19 faizi (2 210 442 dəfə istifadə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub.
Qeyd edək ki, ümumilikdə ötən iki ilə yaxın müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 4,7 milyon dəfə istifadə edilib.