Addım Gənclər Təşkilatı 2 illik hesabat tədbirini gerçəkləşdirib. Lent.az-ın məlumatına görə, hər zaman fərqli yanaşması ilə seçilən təşkilat doğum gününündə, dövlət rəsmiləri, mətbuat nümayəndələri, gənclər və mədəniyyət xadimləri iştirak edib. Gecə rəsmi və bədii hissədən ibarət olub. Tədbirin rəsmi hissəsində təşkilatın 2 illik fəaliyyətindən bəhs edən "İki ildir addımlayırıq" tanıtım filmi təqdim olunub. Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edib: "ADDIMın fəaliyyətindən bəhs edən videonu izlədikdə Gənclər və İdman Nazirliyi ilə birgə layihələrini vurğulamaq istəyirəm. ADDIMın nazirliklə sağlam həyat tərzinin təbliğ olunması istiqamətində bir neçə birgə layihəsi olub. Və bu layihələr olduqca uğurla yekunlaşıb. Ümumiyyətlə bugün qeyri hökümət təşkilatlarınn arasında ən yaxşı nəticələr göstərən gənclər təşkilatlarıdır. 2 yaşı tamam olan ADDIM mən deyərdm ki, addımlamır, qaçır!" - deyə İntiqam babayev qeyd edib.
Daha sonra millət vəkili Jalə Əliyeva çıxış edərək gənclərə uğurlar arzulayıb. Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib. Gecədə xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova müğənnilər İlhamə Qasımova, Murad Arif və başqaları çıxış ediblər. Gecənin sonunda Addımın "Addım Business College" layihəsinin məzunlarının diplomlarla təltif olunması mərasimi baş tutub. Fəaliyyətinin iki illiyini qeyd edən Addım Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə lent.az-a açıqlamasında fikirlərini bildirib: "Bügün mən çox xoşbəxt və qürurluyam. Xoşbəxtəm ona görə ki, Azərbaycan respublikasının gənclərin inkişafını tənzimləmək üçün uğurlu gənclər siyasəti var. Qürurluyam ona görə ki, iki il öncə addımlamağa başladığımız yolun sonunda bütün bu imkanardan vicdanla, dövlətimizə sədaqət, gənclərimizə sevgilə istifadə etmişəm. Bu gündən sonra da gənclərimizlə bərabər bu yolda addımlara davam edəcəyik!"