Bakının Nardaran Abşeron küçəsinin yenidən qurulması işləri yekunlaşdırılıb. "Azəravtoyol"dan Lent.az-a verilən məlumata görə, küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 m idi. Bundan əvvəl küçənin ensiz olması, uzun müddət təmir edilməməsindən yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmaması, üstəlik işıqlandırma sisteminin yoxluğu ucbatından gecələr yolun işıqlandırılmaması vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Lakin ölkə başçısının tapşırığı ilə yenidən qurulan küçədə artıq sadalanan problemlər tam olaraq aradan qaldırılıb. Küçə genişliyi, rahatlığı və müasirliyi ilə göz oxşayır.
Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilib.
Genişləndirilmiş küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni giriş qapıları qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilib, köhnələri isə tamamilə təzələnib.