Prezident İlham Əliyev Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, Naftalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə şəhər İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Naftalan Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Bundan başqa prezident İlham Əliyev Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 4 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Naftalan-Qaşaltı Qaraqoyunlu avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manatı Naftalan Şəhər İcra Hakimiyyətinə ayrılıb.