Millət vəkili, Azərbaycan tarixçisi, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının Moskvada rus dilində “Azərbaycan, Ermənistan və Türkiyə 1920-1994-cü illərdə: real tarix” adlı irihəcmli əsəri nəşr edilib. Lent.az-ın məlumatına görə, professor bu monoqrafiyasında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Kars konfranslarında ərazi məsələlərinin, 50-60-ci illərdə xarici ölkələrdəki erməni diasporasının və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları və fəaliyyətləri, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri terror aktları, Azərbaycan torpaqlarını ələ keçirtmə cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanması, gedişi və Azərbaycan ərazilərinin işğalının nəticələri məsələləri araşdırılıb. Problemə beynəlxalq münasibətlər, böyük dövlətlərin siyasəti və regionda baş verən proseslər baxımından yanaşan müəllif yeni və maraqlı bir elmi baxış ortaya qoyub.
Əsər tarixçi, siyasətçi, diplomat və bu məsələ haqqında tarixi gerçəkləri bilmək istəyənlər üçün nəzərdə tutulub.
Əsərin redaktoru görkəmli alim, professor Əli Həsənov, rəyçiləri isə dünyada tanınmış tarixçilər – Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxuliya, Türkiyənin İpək Universitetinin prorektoru, professor Kamal Çiçək, Böyük Britaniya Mərkəzi Asiya İşləri üzrə Kral Cəmiyyətinin əməkdaşı, professor Mixail Basxanovdur.
Qeyd edək ki, monoqrafiya əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Azərbaycan dilində nəşr edilmiş və böyük maraq doğurub. Əsər Türkiyədə türk dilində nəşrə hazırlanır.