Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) layihəsi çərçivəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi yerli və xarici universitetlərdə davam edir.
Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.
Monitorinqin aparıldığı yerli universitetlərdən biri Gəncə Dövlət Universiteti olub.
Monitorinqin aparılması üçün Gəncəyə ezam olunan BBMM-nin baş məsləhətçisi Rəvan Həsənov və Mərkəzin mütəxəssisi Aytən Məmmədova monitorinq zamanı Gəncə Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin mühazirəsində iştirak edib. “Azərbaycan multikulturalizmi” fənnini tədris edən siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədovun mühazirəsini magistratura pilləsinin bütün ixtisaslar üzrə təhsil alan 144 tələbəsi dinləyib. Daha sonra Asim Məmmədov tələbələrin multikulturalizm haqqında suallarını cavablandırıb.
Dərs başa çatdıqdan sonra BBMM-nin əməkdaşları Asim Məmmədov ilə görüşüb və dərsin gedişatı, aktuallığı və tələbələrin göstərdiyi maraq səviyyəsi ilə tanış olublar.
Sonra Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və universitetin magistratura pilləsinin dekanı Emin Yaqubovla görüş keçirilib. Görüşdə Prezident İlham Əliyevin multikulturalizm siyasətinə böyük önəm verdiyi vurğulanıb və “Azərbaycan multikulturalizmi” fənninin əhəmiyyətindən danışılıb. Rektor Yusif Yusibov qeyd edib ki, bu fənn gələn semestrdən bakalavr rilləsi üçün də tədris ediləcək.
Həmin gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayev Azərbaycan İqtisad Universitetində monitorinq ararıb. Universitetin rolitologiya kafedrasının baş müəllimi, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Telman Niftaliyev “Multikulturalizm və Azərbaycanın xarici siyasəti” mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan İqtisad Universitetinin maliyyə ixtisası üzrə magistratura pilləsinin 46 tələbəsi iştirak edib.