Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdimat keçirilib.
Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Mərkəzin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə, Layihələr şöbəsinin müdiri Hikmət Babayev və mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin həmkarlar ittifaqı komitəsinin sədri Şahin İsmayılov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib. Mərkəzin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə iştirakçılara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə məlumat verərək Azərbaycan multikulturalizmi ənənələrindən danışıb və multikulturalizmin bizim həyat tərzimiz olduğunu vurğulayıb. Nəriman Qasımzadə xarici və yerli ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” fənninin tədrisindən söhbət açıb və qeyd edib ki, növbəti semestrdən bu fənnin Azərbaycan Memarlıq və İnşaat universitetində də tədris edilməsi mümkün olacaq. H.Babayev Mərkəzin həyata keçirdiyi layihələr barədə iştirakçılara ətraflı məlumat verib. Bu layihələr sırasında “Azərbaycan multikulturalizmi” fənnin xarici və yerli universitetlərdə tədris edilməsi, bu fənni tədris edən müəllimlər üçün təlimlərin təşkil edilməsi, xarici universitetlərdə “Azərbaycan Multikulturalizmi” mövzusuna dair müxtəlif formatlı elmi konfransların, xarici ölkələrin intellektual və administrativ məkanlarında birdəfəlik mühazirələrin oxunması və “Azərbaycan Multikulturalizmi” fənni tədris edilən tələbələr üçün yay məktəblərinin təşkil edilməsi də var.