Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Yevlax və Bərdə rayonlarında 16 fərdi yaşayış evini müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, nazirlik tərəfindən 11-i Yevlax rayonunda, 5-i isə Bərdə rayonunda olmaqla daha 16 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Bununla da son iki gündə respublikanın bölgələrində tikintisi aparılan evlərdən inşası başa çatmış 40 fərdi ev qeyd olunan kateqoriyalardan olan şəxslərin istifadəsinə verilib.
Evlərin təqdim olunması tədbirlərində ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, əlil ictimai birliklərinin və həmin rayonların yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanda sosial proqramlardan biri olaraq bu ilin iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası inşa etdirilir. 52 rayonda isə 375 fərdi evin tikintisi işləri aparılıb və onlardan inşası yekunlaşan evlər istifadəyə verilir. Həmçinin hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması işləri görülür ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək.