“Yeni mahnılar maddiyyat tələb edir. Amma ifa olunmuş mahnılara müraciət etmək də məsuliyyət tələb edir, çünki artıq möhürü vurulub. Düzgün seçim etmək lazımdır. Bir qədər kölgədə qalmış, amma gözəl mahnıları ifa etmək daha yaxşı olar. Yaşlı nəslin yaddaşında qalmaq, həm də gənc nəsilə yeni mahnı kimi etmək mümkündür. Nəzərə almaq lazımdır ki, gənc nəsil retro mahnıları yaxşı bilmir”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Fərid Quliyev deyib.
Onun sözlərinə görə, bəzi hallarda maddiyyat belə önəm daşımır: “Əgər mahnı sevilirsə, internet vasitəsilə yayılır. Efirdə səsləndirmək də kifayət edir. Məsələn, elə mənim “Bəyaz gəlin” mahnısı el şənliyi ilə bağlı yazılıb. Heç güman etmirdim ki, bu qədər sevilər. Hətta yazara təklif etmişdim ki, bəlkə “Bəyaz gəlin” sözünü çıxardaq. Yaxşı ki, razılaşmadı. Məni bu mahnıya görə tanıdılar. Toy mahnısını belə gözəl şəkildə təqdim edəndə sevilir”.
Müğənni bildirib ki, onun sənətə gəlməyi təsadüfi deyil, onun babası tanınmış xanəndə olub. F.Quliyev bildirib ki, dayısı xalq artisti Razi Şükürovun da onun yaradıcılığına təsiri az olmayıb: “Amma bəzi hallarda qarşımda çox sərt şərtlər qoyur. Mən isə bacarmıram. Özəlliklə, səsi qorumaq məsələsində çox məsləhətlər verir. Məncə, onun dediyi qaydalar köhnə dövrlərə aiddir. Çünki o zaman mikrofon olmayıb. Güc yalnız canlı ifaya düşdüyü üçün müğənnilər məcburən səslərini qorumağa çalışıblar. Arada dayımın sözündən çıxıram”.
Repertuara gəlincə isə müğənni qeyd edib ki, sırf onun üçün yazılan mahnılar azdır:
“Əsasən, lirik mahnılar ifa edirəm. Repertuarımda əcnəbi estradadan da mahnılar var. Klassik mahnıları isə həm olduğu kimi, həm də yeni aranjemanda təqdim edirəm”.
Fərid Quliyevin sözlərinə görə, efirə çıxanda repertuara çox diqqət edir: “Ansamblla verilişə dəvət alanda həm oynaq mahnılar, həm də bəstəkar mahnıları ifa edirəm. Hər zaman dəbdə olan oynaq mahnılara üstünlük verirəm”.