“Ötən həftə və bu həftə mənim üçün məhsuldar oldu. Gərgin iş rejimindəyəm. Bu həftənin sonu yeni klipimin təqdimatı olacaq”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı olan müğənni Elnarə Xəlilova deyib.
Sözügedən klipin çəkilişlərinin Hindistanda baş tutduğunu deyən müğənni bildirib ki, “Eşq ilə boyan” adlı mahnının musiqisi Sevda Məmmədliyə, sözləri Cavidana məxsusdur: “Klipin ərsəyə gəlməsi üçün böyük heyətlə çalışdıq. Mahnının aranjemanını Rasim Məmmədov edib. Klip isə Hindistanda çəkilib. Getməyimizə dəyərdi. Bollivudda, Kerala ştatının Koçin şəhərində oldum. Rejissor və prodüserlərə dedim ki, əsl Hindistanı çəkmək istəyirəm – cəngəllik, palmalar, Hind okeanı, körfəz. İstəyirdim ki, kadra baxanlar məkanın Hindistan olduğunu anlasınlar. Onlar məni paytaxta, yaxud Mumbaya, Bombeyə çağıra bilərdilər. Göstərməli o qədər gözəl yerlər var ki. Bütün heyət hindlərdən ibarət idi. Orda elə bir Elnarə var ki, gəl görəsən...”
“Öz-özümü nə qədər təkrar edə bilərəm?”
İfaçı hər zaman fərqli, rəngarəng obrazlarda çıxış edib. Amma zaman keçir və artıq dəyişiklik labüd olur. Bu təbii haldır, deyən müğənni özündə günah olmadığını deyir: “Əslində, tamaşaçılar məni çılğın, dəlisov, emosional görməyə öyrəşiblər. Amma bizdə günah yoxdur. Elnarə böyüyüb. Artıq 35 yaşım var. Daim axtarışdayıq. Şəxsən mən heç zaman özümü təkrarlamağı sevmirəm. Yerimdə addımlamaq də mənə xas deyil. Daim təcrübələr keçirirəm. Məsələn, Türkiyədə 3 klip çəkdirdim. Media həmişə sual verirdi ki, Türkiyə şou-biznesinə qatılmaq fikrim var, ya yox? İzah edə bilmirdim ki, bu işlər Türkiyə şou-biznesinə qatılmaq üçün deyil. Məqsəd yenilik etmək idi. Mən ən yaxşı rejissorlara klip çəkdirmişəm. Özüm-özümü nə qədər təkrar edə bilərəm? İstəyirəm, fərqlilik olsun. “Eşq ilə boyan” mahnısında həyatın rənglərindən bəhs edilir. Elə klipin Hindistanda çəkilməsi ideyası da buradan yarandı. Əvvəlcə, fikir olaraq səsləndi. Gedəndə 12, dönəndə 20 saat hava limanında gözləmişik. Bu işi görməkdə hamı dəstək oldu. Mən burada olmayanda övladlarıma baxdılar”.
Müğənni Hindistanda klip çəkilməsi ilə bağlı bütün işlərdə özünün bilavasitə iştirak etdiyini deyib: “Hindistanın Azərbaycandakı Səfirliyinə getdim. Orada öyrəndim ki, Bakıda vasitəçi var. Onlar burada Azərbaycan və Hindistan istehsalı olan film çəkilişi ilə məşğuldurlar. 7 milyon büdcəsi olan bir filmdir. Aktyorların çoxu bizimkilərdir. Hindistandan da aktyorlar olacaq. 36 ölkədə göstəriləcək və 4 dilə tərcümə olunacaq. Bu məlumatları eşidəndə əmin oldum ki, bu böyük bir şirkətdir. Beləliklə, büdcəmi dedim və işə başladıq. Bu klipə 35 min xərclədim. 30-40 nəfərlik heyətlə çalışdıq. Orada bütün işləri hindistanlı prodüser həyata keçirdi. Yeri gəlmişkən, həftəsonu təqdimata da gələcək”.
“Bunun əziyyətini indi çəkirəm”
Elnarə xanım həmçinin, ailə həyatından danışıb: “Artıq uzun illərdir, səhər saat 7-dən oyaq oluram. İki ildən bir övladım oldu. Övladı olan qadın istər-istəməz tez durmalıdır. Ananın səhəri, günortası, axşamı övladlarına bağlıdır. Övladı tərbiyə etmək üçün ailədə bir nəfər komanda verməlidir - ya ana, ya ata, ya nənə, ya baba. Hamı ona tabe olmalıdır. Əgər ata, yaxud ana uşağa “olmaz” deyirsə, nənə, ya baba əksini deməməlidir. Bu ilk növbədə uşağa ziyandır. Mənim övladlarım çox ərköyündürlər. Hətta mən olmaz dediyim zaman, qaynanam əksini deyibsə, mən etiraz etməmişəm. Amma bilmişəm ki, uşağıma ziyan edirəm. Bunun əziyyətini indi çəkirəm”.
Övladlarının ikisinin məktəbə, birinin bağçaya getdiyini deyən E. Xəlilova, onlarının çox ərköyün olduqlarından şikayətlənib: “Amma istənilən halda, vəziyyətdən çıxış yolu tapmaq olar. Münaqişə etməyə, ailədə söz-söhbət yaratmağa dəyməz. Hər şey valideyndən asılıdır. Əgər hansısa məsələdə qərar verə bilmirəmsə, ataya yönəldirəm. O da mən deyəni deyir. Əksər hallarda, ikimizin fikri bir olur”.