“Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” ilə bağlı bir sıra dəyişiklik olub.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsi ilə əlaqədar aparılan dəyişikliklərə əsasən, vakant yerlərin seçim sayı 8-dən 4-ə endirilib. Yer tutan namizədlər həmin yerdən imtina edərlərsə, müsabiqənin növbəti yerləşdirilməsində iştirak edə bilməzlər. Əvvəlki illərdə vakant yerlər elektron ərizə doldurularkən seçilirdisə, bu il bu proses test imtahanından sonra mümkün olacaq.
Bildirək ki, Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli 165 nömrəli əmri ilə “Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” təsdiq edilib. Həmin qaydalara əsasən, ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi, eləcə də müəssisələrə müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Müəllimlərin iş yerinin dəyişdirilməsinin eyni rayon (şəhər) daxilində iş yerinin dəyişdirilməsi və bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) iş yerinin dəyişdirilməsi kimi iki forması mövcuddur.
Qeyd edək ki, müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən (rayon (şəhər) təhsil şöbələri (idarələri)) müəyyən edilmiş qaydada həyata keçirilir. İş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi prosesi 1-10 may tarixlərində aparılır. İş yerini bu formada dəyişmək istəyən şəxslər təhsili idarəetmə orqanlarına müraciət etməlidirlər.
Müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə üçün elektron ərizə qəbulu iyunun 1-dən 12-nə kimi keçiriləcək. Müsabiqədə müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlər iştirak edə bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən şəxslər iştirak edə bilərlər. Müsabiqə üçün ərizə qəbulu iyulun 1-dən 15-ədək aparılacaq.