Müəllim, sevdasının üfüqü bəlli, sərvətini son hissəsinədək xərcləyəcək qədər comərd, ömrü bitsə də işığı öləziməyən bir şam, dünya adlı səltənətin memarının seçdiyi ad, səmimiyyətinin kölgəsindən uzaqlaşmayan qoca varlıq... Müəllim, bəşərin mənəviyyat sorumlusu... Allahın, kainatın tarazlığı üçün bir gözündə dünya olan tərəzinin digər gözünə qoyduğu möhtəşəm yaradılmış... Bütün vəzifələr bu adın yanında kiçik qalır. Çünki, Uca Allahın insan oğluna dediyi ilk söz -oxu!- əmrinə qeyd şərtsiz riayət edən və ömrünü bu yolda yandıran çıraq, kamal qapısının şifrəsidir, müəllim...
Uşaqlıqdan xatirəmdə bu adın haqqını verən və ya verə bilən şəxslər qalıb. Bu o zaman idi ki, hər yoldan ötənə müəllim deməzdilər. Bu adı az-çox haqq edənlər daşıyardı. Amma bir də adsız, filansız müəllim ola bilənlər vardı. Müəllim deyiləndə söhbətin kimdən getdiyi aydın olurdu. Get-gedə bu şərtlər yoxa çıxsa da Xudu Məmmədovla tanımış olduğum müəllim adının özünü belə şərəfləndirə bilmiş şəxsiyyətlər də olmamış deyil.
...Günlərin birində adını çoxdan eşitdiyim, lakin şəxsi tanışlığım olmayan Rafiq Əliyevə zəng elədim, özümü təqdim edib, “əllərinizi öpmək üçün görüşmək istəyirəm” dedim. Tutulduğunu hiss etdim, yəqin ki ilk dəfə belə bir söz eşidirdi.
“Mən neyləmişəm ki?” deyə, fərqində olaraq yaşadığı müəllim ömrünün ən parlaq sualını verdi. Onun nələr etdiyini anlayacaq qədər zəkam olmasa da, az-çox dərk edə bildiklərimi düşündüm.
“Nəyi deyim”? fikirləşdim: dünyanın ən müasir elm sahəsinin yaradıcılarından biri olduğunumu... yazdığı yetmişdən artıq dərsliyimi... yetişdirdiyi saysız mütəxəssislərimi... örnək şəxsiyyətinimi... sadaladıqlarımın fövqündə dayanan müəllim fenomeninimi...və elə bütün bunların yanında -mən neynəmişəm ki?- deyə bilməyinimi...
Rafiq Əliyev dövrü qabaqlayan, zamana ad verə bilən, cahanı idrakının tərəzisində çəkib, altından imzasını ata biləcək qədər məsuliyyətli alimdir, alimliyi müəllimliyinin kölgəsi qədər doğma alim... Hər kəs kimi onun da müəllimləri olub, amma Rafiq Əliyev özünə belə dərs verə bilən alimlərdəndir. Çünki alimliyi müəllimliyinin yanındadır, alimliyi müəllimliyinə xidmət edir, müəllimliyi alimliyinə yox. Axı o adı alim olanlardan deyil, özü alimdir... Sərvətdir... gəlirini-gedirini bilmədiyimiz təbii sərvətlər kimi onu da bilmirik, tanımırıq. Belə faydalı sərvətdən istifadə yollarını aramırıq. Nail olduğu elmi sıçrayışları həyatımıza tətbiq edib, dövlətimizin gücünü, millətimizin rifahını yüksəldə biləcəyimiz bu sərvəti kəşf etməkdə gecikdiyimizin fərqində belə deyilik.
Əsas diqqətini say və çəkinin standart olmayan forma və anlayışlarının təhlilinə yönəldib. Çünki o çəki anlayışını dərk etməkdə çətinlik çəkmir. O ölçülü ölçüsüzlüklərin adamı, inandığı tərəzi Haqqın tərəzisidir və özünü, əməllərini o tərəziyə hazırlamaqda zorlanmır...
Rafiq Əliyev o şəxsiyyətlərdəndir ki, heç bir mükafata endirmək olmur onu. Zamanında SSRİ Dövlət Mükafatı, son illər Elmdə Ömürlük Nailiyyət mükafatı (ABŞ) almış olsa da bütün bu ödüllər onun parlaq şəxsiyyəti yanında sönük qalır. Axı ən böyük mükafatı sevgidir, yaradanın və yaradılmışların sevgisi... Tanıyanların tamı səni sevirsə deməli Allah da sevir məntiqiylə baxsaq Allah sevmədiyi kimsəni elm rütbəsiylə ödülləndirməz.
Haqsızlığa göz yummaz, yuma bilməz. O heç kimə müxalifət deyil, amma müxalifdir. Sözü içini deşənlərdən deyil kəlməsi maneələri dələnlərdəndir. Müəllim mövqeyindədir, mövqeyinin müəllimidir. Bütün misallarının həllində bərabərin ardında insan var, bəşər var, elə buna görə də Rafiq Əliyev bəşəri şəxsiyyətdir. Bu günlərdə bir qrup gənc görüşünə gəlir, xeyli söhbətləşirlər müəllimlə, sonda Rafiq müəllim “İndi deyin görüm, siz qazandınız, mən?” soruşur. Gənclər “biz!” deyə, cavab verirlər. Müəllim təbəssüm edir, “yox mən qazandım, siz bir mənimlə tanış oldunuz, mən isə hamınızla” deyir və onlarla sağollaşanda hər birinin geyinməsi üçün üst geyimlərini belə özü tutur. Ən adi bir məqamda belə örnək ola bilir, müəllim ola bilir...
Müəllim məktəb ola bilənlərdi, yol aça bilənlərdi, yola çevrilənlərdi. Rafiq Əliyev məktəbdir. Qalır bizim bu məktəbin şagirdi ola bilməyimiz. Bu da bizim niyyət və hədəflərimizdən asılıdır.
Vasif QURBANZADƏ
P.S. Bu gün professor Rafiq Əliyevin doğum günüdür, bu münasibətlə böyük alimi, sevimli müəllimi təbrik edir, uzun və xeyirli ömür arzulayıram!