Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri o qədər də ürəkaçan deyil”
“Azərbaycanda bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təəssüflər olsun ki, o qədər də ürəkaçan deyil”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib. Nazir bildirib ki, bu il vakansiyaya çıxarılmış 3200 yerdən yalnız 1200-dən çoxu imtahan və müsahibə nəticəsində doldurulub. Nazir vurğulayıb ki, bir çox hallarda vakansiyaların doldurulmasına keçid balının aşağı salınması hesabına nail olunur: “Biz bunun tərəfdarı deyilik. Biz onun tərəfdarıyıq ki, bilik imtahanından keçə bilməyən şəxsi müəllim kimi qəbul etməkdənsə, həmin müəllim yükünü digər məktəblərdə fəaliyyət göstərən müəllimlər arasında bölüşdürməyimiz daha düzgündür. Çünki qısa müddətdə bu bizim üçün problemlər yaratsa da, orta və uzun müddət üçün düzgün bir mesajdır. İnsanlar bilməlidir ki, onlar müəllim peşəsinə yiyələnmək üçün biliklərə malik olmalıdırlar”.
Təhsil naziri qeyd edib ki, onlar bu il 2000 vakansiyanı bilərəkdən keçid balını aşağı salaraq doldurmayıblar: “Biz bilik üzərində kompromisə getməyə hazır deyilik. Biz əksinə istəyirik ki, gələcək müəllimlərimizin orta bilik səviyyəsi bugünkü müəllimlərin orta bilik səviyyəsindən yuxarı olsun. Bunun yeganə yolu ondan ibarətdir ki, mövcud məsələlərin həllində şəffaf olmalıyıq”.
Təhsil naziri bəzi rayonlarda, şəhərlərdə vakansiyaların gizlədilməsi faktına da aydınlıq gətirib: “Rayonlarda, şəhərlərdə gizlədilən vakansiyalar üçün birbaşa məsuliyyət mövcuddur. Mən də təhsil naziri kimi belə halların araşdırılması, vakansiyaları gizlətmiş şəxslərin cəzalandırılması üçün var gücümlə çalışacağam”.