<span style="color:red;">Metroda bunları etmək qadağandır : sərnişinlərin üçün yaddaş kitabçası
26 iyul 2016 14:14 (UTC +04:00)

Metroda bunları etmək qadağandır: sərnişinlərin üçün yaddaş kitabçası

Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı Metropolitenindən istifadə qaydaları”nda sərnişinlərin mütləq riayət etməli olduğu müəyyən qadağalar nəzərdə tutulub. Lent.az-ın məlumatına görə, sərnişinlər bu qaydalara riayət etməklə, ilk növbədə, özlərinin, eləcə də digər sərnişinlərin təhlükəsizliyinə xidmət etmiş olarlar. Bununla yanaşı, sərnişinlər yanğın zamanı və qatar yoluna yıxılarkən təhlükəsizlikləri üçün bəzi qaydaları yadda saxlayıb, onlara mütləq əməl etməlidirlər.


Bakı metropoliteninin mütəxəssisləri sərnişin təhlükəsizliyinə nail olmaq üçün yaddaş kitabçası hazırlayıblar. Onların əhəmiyyətini, xüsusən də sərnişinlərə faydasını nəzərə alaraq, yaddaş kitabçası metropolitenin saytının “Sərnişinlər üçün” bölməsində ayrıca yaradılmış “Yaddaş kitabçası” yarımbölməsində yerləşdirilib. Bu qaydalar Bakı Metropolitenində sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə xidmət səviy­yə­si­nin artırılması məqsədi ilə hazırlanıb və Bakı Metropolitenindən istifadə edən bütün şəxslərə şamil edilir. Qaydalarda sərnişinlərin və Bakı Metropoliteninin işçilərinin qarşılıqlı nəzakətli olmalı, metropo­li­tenin ərazisindəki qurğu və avadanlıqlarla ehtiyatla dav­ran­ma­lı­, təmizliyə, ictimai asayişə və bu Qaydaların tələblərinə riayət etməli olduqları da qeyd edilib.

 

Ümumi Təhlükəsizlik Qaydalarına görə, davranışına, geyiminə, görkəminə, üstündəki və ya əlindəki əşyalara və s. görə şübhəli və ya təhlükəli adam gördükdə dərhal diqqət cəlb etmədən polis əməkdaşına və ya metropoliten əməkdaşına məlumat vermək lazımdır.

 

- Sahibsiz, yaddan çıxıb qalan çanta, portfel, paket, şübhəli əşya, bağlama və s. aşkar etdikdə, onu açmadan və ona toxunmadan dərhal polis əməkdaşına və ya metropoliten əməkdaşına;

 

- Təhlükəli nasazlıq, şübhəli kənar səs, uçqun, yanğın və s. aşkar etdikdə dərhal metropoliten əməkdaşına məlumat vermək lazımdır.

 

- Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər uyuşdurucu maddələr qəbul edərək, sərxoş vəziyyətdə stansiyaya daxil olmaq və vaqonda getmək olmaz. Sərxoşluq insanın mərkəzi sinir sisteminin fəaliyyətinə təsir göstərərək, psixi və nevroloji pozuntular yaradır ki, bu da sərnişinlər arasında xoşagəlməz halların baş verməsinə səbəb ola bilər.

 

- Özbaşına stansiya yollarına düşmək, vaqonun idarəetmə kabinasına, xidməti və xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və Bakı Metropoliteninin çəpərlənmiş digər ərazilərinə daxil olmaq qadağandır.

 

- İşlək vəziyyətdə olmayan eskalatordan icazəsiz istifadə etmək qəti qadağandır.

 

- Eskalatorun sürahisini çıxarmaq olmaz. Sürahi tədricən dartılıb qırılar, Sizə və digər sərnişinlərə ciddi xəsarət yetirə bilər.

 

- Eskalatorda zərurət olmadan ballüstradada yerləşdirilmiş "Stop" açarından istifadə etmək olmaz. Bu eskalatoru qəfil dayandırar və sərnişinlər yıxılıb xəsarət ala bilər.

 

- Açıq oddan, pirotexniki qurğulardan (fişənglərdən, partlayıcılardan və s.) istifadə etmək olmaz. Bunlar tüstülənməyə, yanğına səbəb ola bilər və sərnişinlər arasında təlaş yaradar.

 

- Odlu silah, deşici əşyalar aparmaq olmaz. Eskalator və ya qatar qəfil dayandığı halda siz müvazinətinizi itirib yıxıla bilərsiniz, bu halda özünüz və digər sərnişinlər xəsarət ala bilər.

 

- Yollara hər hansı əşyanı atmaq olmaz. Yollara atılan əşya sərnişin qatarının qəzaya uğramasına səbəb ola bilər.

 

- Bakı Metropoliteninin bütün obyektlərinə, o cümlədən ventilyasiya şaxtaları köşklərinə 25 m-dən yaxın məsafədə zibil yandırmaq və tonqal qalamaq olmaz. Çünki güclü ventilyasiya sistemi tüstünü stansiyalara və tunellərə vurar, bu da sərnişinlərin sağlamlığı üçün fəsadlar törədə bilər.

 

- Bakı Metropoliteni rəhbərliyinin icazəsi olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədiciləri qoşmaq olmaz. Bu hal fiderin və ya qidalandırıcı avadanlığın ifrat yüklənməsinə gətirib çıxara bilər və müxtəlif fəsadlar törədə bilər.

 

Daha ətraflı məlumatı almaq üçün sərnişinlər yaddaş kitabçasını “Adobe acrobat” proqramı vasitəsilə yükləyərək, daimi istifadə edə və müvafiq formatı dəstəkləyən mobil cihazlarda saxlaya bilər.

 

Yaddaş kitabçası ilə ətraflı bu linkdə tanış olmaq mümkündür:

http://metro.gov.az/uploads/pdf/S%C6%8FRN%C4%B0%C5%9E%C4%B0N%C4%B0N%20YADDA%C5%9E%20K%C4%B0TAB%C3%87ASI.pdf

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Oxşar yazılar