Mətbuat Şurası mediada intihar xəbərlərinin yayımlanması problemini müzakirə edəcək
Mətbuat Şurası mediada intihar xəbərlərinə geniş yer verilməsi problemini müzakirə etmək üçün redaktorlarla toplantı keçirməyi planlaşdırır. APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı olan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib ki, bu məsələnin müzakirəsinə ciddi ehtiyac yaranıb: “Ölkədə 5 mindən çox kütləvi informasiya vasitəsi var və bunun 3 mindən çoxu real KİV-lərdir. Media qurumları fərdi olaraq müəyyən təkliflərlə çıxış edə bilər. Amma bu məsələ ilə bağlı qəti hökm vermək Mətbuat Şurasının missiyasıdır. Yəni, intihar xəbərini necə yazmaq, hansı formada təqdim etmək məsələsində ümumi bir rəyə gəlinməlidir, müəyyən prinsiplər olmalıdır”.
Verilişdə iştirak edən Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu bu təşəbbüslə razılaşdığını deyib: “Müsbət təşəbbüs kimi buna razıyam. Hətta təklif də edə bilərəm, amma bu təşəbbüsün problemə ciddi təsir edəcəyinə inanmıram. Sadəcə burada müsbət cəhət nədir - biz jurnalistlər mənəvi borcdan, mənəvi məsuliyyətdən özümüzü bir az azad hiss edəcəyik. Yəni, bu təşəbbüsü göstərdik və artıq intihar xəbərlərini vermirik. Amma zənn etmirəm ki, bu addım intiharlarla bağlı statistikaya ciddi təsir etsin”.
Psixoloq Dəyanət Rzayev də mediada intihar xəbərlərinə qadağa və ya məhdudiyyət qoyulmasının bu kimi halların azalmasına təsir etməyəcəyini düşünür: “Mediada yayılan xəbərlərin intiharların sayının artmasına səbəb ola bilməz. Bu, mümkün deyil. İndi biz medianı günahlandırmağa başlamışıq ki, onlar bu xəbərləri yaymaqla intiharların artmasına səbəb olurlar. Biz əsil səbəblərini axtarmırıq, təqribi statistika aparırıq”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Azərbaycan intihar hallarının daha az baş verdiyi ölkələr sırasındadır. Buna rəğmən son zamanlar intiharların sayının artdığı müşahidə olunur. Bəzi ekspertlər hesab edir ki, burada medianın da rolu böyükdür.
“Sosium” verilişinin tam şəkildə bu linkdən izləyə bilərsiniz - http://apa.tv/video/5974
570