Qadın satan sayt təbliğ olunmalıdırmı? - <span style="color:red;">RƏYLƏR
11 mart 2015 13:52 (UTC +04:00)

Qadın satan sayt təbliğ olunmalıdırmı? - RƏYLƏR

 

 

Ötən gün mətbuatda Azərbaycanda müştərilərə eskort xidmətlər təklif edən və açıq şəkildə qadın alveri məşğul olduğunu bəyan edən bir saytla bağlı material yayımlandı. Gənc qızların eskort xidmətlərini təklif edən saytdakı məlumatlara əsasən hazırlanan materialda müştərilərə təklif olunan xidmətlər və qızların şəkilləri ilə bərabər, saatı, gecəsi və sutkası olmaqla, qiymətləri də yazılmışdı. Bəs açıq şəkildə qadın alveri, fahişəlik xidməti təklif edən bu cür saytlarla bağlı materialların mətbuatda bu formada yayımlanması nə dərəcədə doğrudur? Media etikası bu barədə nə deyir? Bu materiallar elə həmin saytların “piar”ına xidmət etmirmi?

 

Bu barədə Lent.az-ın suallarını cavablandıran media eksperti Ələsgər Məmmədli bildirib ki, bu tip fəaliyyətlər Azərbaycanda qanunla qadağan edildiyi üçün ilk növbədə hüquq-mühafizə orqanları bu barədə tədbir görməli və həmin yuvaları dağıtmalıdır: “İkinci bir məqam da var. Doğrudur ki, medianın əsas funksiyası xəbər verməkdir. Ancaq xəbər deyərkən, bunu kiminsə reklamına, “piar”ına çevirmək olmaz. əgər belə bir məqam varsa, bunu xəbər xarakterini keçməmək şərtilə duyura bilər. Amma orda hər bir qızın şəkilləri, qiyməti və s.ni verməklə, format olaraq xəbər kimi görünən, lakin kiminsə reklamına xidmət edən materialları yaymaq doğru deyil. Bunu edən media qurumları özləri də bilmədən və ya elə bilərəkdən həmin işlə məşğul olanların vasitəçisinə çevrilmiş olur”.

 

Ə.Məmmədli deyib ki, ona görə də KİV-də çalışan hər kəs hüquqla bərabər, jurnalist etikasına da sayğılı olmalı və xəbər verərkən, həmin xəbərin kimlərinsə təbliğatına çevrilməməsinə diqqət etməlidir: “Ayrıca da milli-mənəvi dəyərlərin qorunması da əslində hər kəsin bu və ya digər formada funksiyasıdır. Televiziya və radio jurnalistlərinə bu məsuliyyət qanunla yüklənib, jurnalistlərin digər qrupu da jurnalistlərin peşəkar kodeksinə görə məsuliyyət daşıyır”.

 

Media eksperti onu da qeyd edib ki, belə materialların mətbuatda yayımlanması ilk növbədə mənəvi məsuliyyət yaratmalıdır, çünki həmin materialı yayan sayt bunu sadəcə xəbər kimi verdiyini iddia edəcək: “Ancaq məsələ burdadı ki, həmin sayta qoyulan şəkillərin mediada açıq formada yayılması etik deyil. Bəlkə ordakı şəkilləri kimisə şantaj məqsədilə qoyulub, bəlkə hansısa ailə qızının şəkilləridir. Yəni jurnalistin bunları tam araşdırmadan bu tip şəkilləri xəbərin altına yerləşdirməsi ayrıca məsuliyyətdir. Ayrıca əgər siz bir biznesi təbliğ edirsinizsə və o biznes Azərbaycanda qeyri-qanunidirsə, hər bir halda bunun məsuliyyətini hiss etməlisiniz”.

 

Lent.az qeyd olunan materialın yayımlandığı oxu.az saytının məsul redaktoru Elvin Şirinli ilə də əlaqə saxlayıb. E.Şirinli Lent.az-a bildirib ki, yayımladıqları materialda fahişəliyə heç bir çağırış olmayıb: “Biz jurnalist araşdırması aparmışıq. Həmin materialda da qeyd etmişik ki, biz ümid edirik, bu saytla bağlı tədbir görüləcək. Bundan əlavə, mətbuatda misalçün, İŞİD terror təşkilatının baş kəsməsi ilə bağlı mütəmadi xəbərlər yayımlanır. Bu o demək deyil ki, mətbuat baş kəsməyi təbliğ edir”. Redaktor hesab edir ki, yayımladıqları material reklam xarakteri daşımayıb və bir sutka tamam olmadan sayt fəaliyyətini dayandırıbsa, onlar öz məqsədlərinə nail olublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar