Gənc qadın görüş zamanı özünü pis hiss edib və kişi onun öldüyünü düşünərək öz həyətində basdırıb.
25 yaşlı fransız qadın Mina El Huari uzun müddətdir internetdə tanış olduğu kişi ilə ilk dəfə görüşmək üçün Mərakeşə səyahət edib və səfəri ölümcül bir faciə ilə başa çatıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, romantik görüş əvəzinə, o, diri-diri basdırılıb və yavaş-yavaş boğularaq ölüb. Kişi qadının öldüyünü düşünüb və onu öz həyətində basdırıb.
Mina Fransadan Fes şəhərinə uçub, orada beşulduzlu oteldə qalıb və adı rəsmi olaraq açıqlanmayan bir kişi ilə şəxsi görüş təyin edib. Evdə görüş zamanı qadın qəfildən huşunu itirib. Kişi polisə bildirib ki, panikaya qapılaraq qadının öldüyünə inanıb və cəsədi həyətdə basdıraraq "ondan qurtulmağa" çalışıb.
İstintaq Minanın sağ olduğunu, lakin diaqnoz qoyulmamış diabet səbəbindən komaya düşdüyünü və ölümün səbəbinin asfiksiya olduğunu müəyyən edib - o, yavaş-yavaş torpaq təbəqəsi altında boğulub.
Minanın axtarışı ailəsi ondan heç bir mesaj almağı dayandırdıqdan sonra başlayıb. Onlar Mərakeşə gedərək onun itkin düşdüyünü polisə bildiriblər. Hüquq-mühafizə orqanları onun sonuncu dəfə evində görüldüyü kişini tapıblar. Ərazidə axtarış apararkən kürək, çirkli paltarlar və təzə qazıntı izləri tapıblar və nəticədə dəfn yerini müəyyən ediblər.
Kişi cinayəti etiraf edib və qəsdən adam öldürmə maddəsi ilə ittiham olunub.