Mərakeşdə dinlərarası dialoq mövzusunda tədbir keçirilib
16 may 2015 11:44 (UTC +04:00)

Mərakeşdə dinlərarası dialoq mövzusunda tədbir keçirilib

Ötən gün Azərbaycan Respublikasının  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İSESCO ilə birgə bu təşkilatın Mərakeşin paytaxtı Rabat şəhərindəki iqamətgahında "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfrans təşkil edib. Lent.az-ın məlumatına görə, konfransda Dövlət Komitəsinin nümayəndələri, İSESCO-nun rəsmiləri, Azərbaycan Respublikasının Mərakeşdəki səfiri Tariq Əliyev, səfirliyin əməkdaşları, Rabatda akreditasiya olunmuş səfirliklərin təmsilçiləri, o cümlədən, Türkiyənin, Çinin, Malaziyanın səfirləri, elm adamları, ictimaiyyət nümayəndələri, media təmsilçiləri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.

 

Tədbirin açılışında çıxış edən İSESCO-nun Baş direktorunun müavini xanım Amine Al-Hijri müasir dünyada tolerantlığın və mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıb. O, İslamdakı tolerantlıq prinsiplərindən danışaraq, İSESCO-nun bu sahədəki fəaliyyətinə toxunub. Eyni zamanda, xanım al-Hijri tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın müsbət təcrübəsini xüsusi qeyd edib.

 

Konfransda çıxış edən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərdən biri kimi təbliğ etdiyi tolerantlığın Azərbaycan xalqının əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olduğunu bildirib. G. İsmayılovun sözlərinə görə, Azərbaycan ərazisində  bütün etnik və dini qrupların mehriban bir ailə kimi yaşamasında, onların sülh və əmin-amanlıq şəraitində istər ölkəmizin, istərsə də regionun inkişafı üçün  çalışmasında, ümumiyyətlə, bu böyük nailiyyətin əldə edilməsində və nəsildən-nəslə ötürülməsində ölkəmizin aparıcı dini olan İslam dininin böyük rolu olub. Ancaq təəssüf ki, son zamanlar dünyanın müxtəlif regionlarındakı müsəlmanları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapdalayan insanlar kimi göstərməyə çalışan bəzi qüvvələr var. Belələrinə və İslamın humanizmdən uzaq din kimi qələmə vermə hallarına bəzi Qərb ölkələrində tez-tez rast gəlinir. Belə münasibəti İslam dininə, bütün müsəlman dünyasına və onun tərkib hissəsi kimi Azərbaycan xalqına qarşı ən azı ədalətsizlik hesab etmək olar.

 

Açılışdan sonra konfans panel şəklində öz işini davam etdirib. Konfransda İSESCO-nun Mədəniyyət və Kommunikasiya üzrə direktoru doktor Əhməd Oqlah Sayyad Alnezi,  II Həsən adına Universitetin professoru xanım Karima Yatrbi, eyni zamanda, İSESCO-nun Planlaşdırma, informasiya və sənədləşdirmə mərkəzinin rəhbəri Mustafa Ahmed Ali, DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Niyaz Yaqubov çıxış edərək,  İslam dünyasındakı tolerantlıq prinsiplərindən, mövcud dünyanın tolerantlığa olan ehtiyacından və Azərbaycanın təcrübəsinin xüsusiyyətlərindən danışıblar.

Tədbir çərçivəsində İSESCO-nun Baş qərargahında “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı sərgi təşkil edilib. Sərgidə Azərbaycanda tarixi-dini abidələrin, məscid və ziyarətgahların, o cümlədən, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş və yenidən qurulmuş məscid və ziyarətgahların fotoları nümayiş olunub.

Konfrans başa çatdıqdan sonra İSESCO-nun Baş katibi cənab Əbdüləziz Osman əl- Tüveycri Azərbaycandan gələn nümayəndə heyəti və Azərbaycanın Mərakeşdəki səfiri Tariq Əliyevi qəbul edib. Görüşdə Azərbaycanın tolerantlıq ənənələri, İslam dünyasındakı tolerantlıq ənənələrinin təbliğ edilməsinin zəruriliyi və digər məsələlər müzakirə olunub. Cənab əl-Tüveycri bildirib ki, Azərbaycanın tolerantlıq sahəsində zəngin bir ölkə olması İslam dünyası üçün  böyük bir avantajdır. Gündüz İsmayılov tədbirin təşkilinə görə, eyni zamanda Azərbaycanı dəstəklədiyinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına görə cənab əl-Tüveyriciyə öz təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar