Aprelin 29-da “Gülüstan” sarayında “ADA” Universitetinin məzun buraxılışı və “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
“ADA” Universitetinin prorektoru Emin Hüseynov bildirib ki, bu gün universitet üçün böyük hadisədir. Bu il bakalavr üzrə ilk buraxılışdır. “Beynəlxalq təhsil sənəti” bakalavrı üzrə 20, “Biznes idarəçiliyi” bakalavrı üzrə 38 məzun buraxılır. Həmçinin 2 ixtisas üzrə 29 magistr olub. Onlar Azərbaycan, Əfqanıstan, Yaponiya, Keniya, Monteneqro, Qırğızıstan, Rusiya, Serbiya, Suriya, Zambiya ölkələrindəndir. Məzunlara diplomlar təqdim edilib. Rektor Hafiz Paşayev məzunları təbrik edib.
Sonra çıxış edən “ADA” Universitetinin birinci prorektoru Qalib Məmmədov Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı apardığı mübarizədən danışıb. Vətən uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, “ADA” Universitetinin tələbələri tədris ili ərzində vətəndaşlıq məsuliyyəti və ictimai fəallığa istiqamətlənən layihələr həyata keçirir. Bu il də istisna olmayıb. Ən yaxşı layihələr müəllim və tələbələrdən ibarət münsiflər heyəti tərəfindən seçilib və Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. Builki qaliblər 22 layihə arasından seçilib. Mükafata layiq görülən layihələrlə tanışlıqdan sonra Hacı Zeynalabdin Tağıyev mükafatının təqdimatı keçirilib. İki layihə birinci yerə layiq görülüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib. Məzunları və valideynləri təbrik edən Mehriban Əliyeva ölkəmizdə təhsil sahəsinə göstərilən diqqətdən danışıb. Hər bir ölkənin, millətin gücünün onun intellektual potensialında olduğunu deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün sahələrdə inkişaf etdiyini bildirib.
Tədbirdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səslənib. Mərasim atəşfəşanlıqla yekunlaşıb.