Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə bir sıra penitensiar müəssisələrdəki məhkum şəxslər üçün peşə hazırlığı kursları təşkil olunub.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonundakı 7 saylı uşaq tərbiyə müəssisəsindən 16 nəfər məhkum üçün kompüter texnikasının təmiri ustası, 4 saylı cəzaçəkmə müəssisəsindən 11 nəfər və Qaradağ rayonundakı 8,12,13 saylı cəzaçəkmə müəssisələrindən 48 nəfər məhkum üçün aşbaz köməkçisi peşələri üzrə peşə hazırlığı kursları təşkil edilib.
Qeyd edək ki, peşə təlimi penitensiar müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında aparılır. Kurslara cəlb olunan həmin şəxslər cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra yaşadıqları rayon və ya şəhərin məşğulluq orqanları tərəfindən onların qeyd olunan peşələr üzrə münasib işlərlə təminatına köməklik göstəriləcək.
Xatırladaq ki, ötən il və cari ilin 9 ayında ƏƏSMN-nin dəstəyi ilə ümumilikdə 350 nəfər bu təbəqədən olan şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər ƏƏSMN tərəfindən minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ilə də təmin olunur.
Hazırda ƏƏSMN-nin sifarişi ilə qeyd olunan şəxslər üçün Qobustan rayonunda inşa edilən Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi onların hüquqlarının, qanuni mənafelərinin qorunması və sosial adaptasiyası istiqamətində işləri yerinə yetirəcək.