Məcburi köçkünlər nə istəyirlər?
27 avqust 2013 17:36 (UTC +04:00)

Məcburi köçkünlər nə istəyirlər?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Yeni Müsavat” qəzetinin 27 avqust 2013-cü il tarixli sayında dərc edilmiş “Məcburi köçkünlər ABŞ səfirliyinə yürüş etdilər” sərlövhəli yazı ilə bağlı açıqlama yayıb. Komitədən Lent.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşan məcburi köçkünlərin Masazırda salınmış yeni qəsəbələrə köçürülməsini  nəzərdə tutan siyahı  yaradılmış komissiya üzvlərinin  iştirakı ilə bir neçə iı qabaq hazırlanıb. O zaman məsələ dəfələrlə araşdırılıb, aparılan ardıcıl dəqiqləşdirmələrdən sonra buraya köçürüləcək məcburi köçkünlərin siyahıları, ailə tərkibləri müəyyənləşdirilib.

Komitədən verilən açıqlamada qeyd olunur ki, köçürülmə püşkatma yolu ilə həyata keçirilir. “Dövlətqaçqınkom” yeni mənzillərə köçürülmədə «problemlərlə üzləşən», müxtəlif vaxtlardakı siyahıyaalma proseslərində, hətta qeydiyyatda olsalar belə, illərlə faktiki olaraq orada yaşamadıqlarından mənzil almaq üçün növbəyə düşməyən, indisə nə yolla olur- olsun mənzil almaq üçün dəridən-qabıqdan çıxan bəzi məcburi köçkünlərin şər-böhtan xarakterli fikirlərinin əsas götürülərək mətbuat səhifəsinə çıxarılmasından təəssüflənir:

”Təbiidir ki, yeni mənzil almaq hüququ olub-olmamasına, yeni salınmış məhəllə və qəsəbələrə kimlərin köçürülməsinin nəzərdə tutulub-tutulmamasına baxmayaraq, bütün məcburi köçkünlər hər cür şəraiti olan istər bu məhəllədə, istərsə də digər ərazilərdə tikilmiş yaraşıqlı və müasir tipli evlərdən mənzil almaq istəyindədirlər və onlar bu istəklərinə çatmaq üçün hər cür yola əl atmaqdan belə, çəkinmirlər. “Dövlətqaçqınkom”un köçürmə komissiyasının təcrübəsində belə hallar çox olub və müxtəlif ərazilərdə salınmış qəsəbələrdən mənzil almaq hüququ olmayanların bu cür «cəfakeşlərinin» şər-böhtan dolu iftiraları heç vaxt heç nəyə yaramayıb. Ona görə də bir daha təkrar etməyi özümüzə borc bilirik ki, digər ərazilərdə olduğu kimi, Masazırdakı mənzillər də təyinatı üzrə inşa edilib və buraya 1993-cü ildən ADNA-nın yataqxanalarında faktiki yaşayan məcburi köçkünlər köçürülürlər.

Bunu adıçəkilən yazıda Zəngilan rayonundan olan və özlərinin şər-böhtan dolu qarayaxmaları ilə həqiqətdən uzaq düşən, bu qəsəbələrdəki şəraitdən daha çox yararlanan, lakin haqqı-ədaləti tapdalayaraq daha çox qamarlamağa çalışan Təranə və Yeganə Əliyeva bacıları da yaxşı bilirlər. Təranə Əliyeva kimiləri də, onun şər-böhtan dolu fikirlərini qəzet səhifələrinə çıxaran yazı müəllifləri də bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər, xüsusilə onlara mənzillərin paylanılması kimi daha vacib önəm daşıyan bir məsələ birbaşa “Dövlətqaçqınkom”un rəhbərliyinin gündəlik nəzarətində olduğundan və bu sahədəki işlər sistemli şəkildə həyata keçirildiyindən burada heç bir neqativ hala yol verilə bilməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596
avatar

Oxşar yazılar