Mayın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 11-16, gündüz 20-25, Bakıda gecə 14-16 dərəcə, gündüz 22-24 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 24-29, dağlıq rayonlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.