Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanı keçirilib.
Lent.az-ın Təhsil Nazirliyinin saytına istinadən məlumatına görə, imtahanda 2015-2016-cı tədris ilində təhsillərini Kimya-biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında davam etdirmək istəyən, hazırda 6, 7 və 8-ci siniflərdə təhsil alan 600-ə yaxın məktəbli iştirak edib. Şagirdlərə Ana dili, Riyaziyyat, Məntiq, Fizika, Biologiya, Kimya fənləri üzrə suallar təqdim olunub.
Qeyd edək ki, imtahanların keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsidir.
Lisey və gimnaziyalara növbəti şagird qəbulu imtahanının avqust ayında keçirilməsi planlaşdırılır.