Səhiyyə Nazirliyi Siyəzəndə baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 22-də, saat 13:00-dan etibarən Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə, habelə Şabran Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 78 nəfər ürəkbulanma, qusma və yüksək hərarət şikayətləri ilə daxil olub. Bunlardan 62 nəfəri (18-i azyaşlı uşaq olmaqla) Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə digər 16 nəfəri isə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qida zəhərlənməzi diaqnozu qoyulmuş vətəndaşlara ilkin tibbi yardım göstərilib və dərhal hadisə barəsində Səhiyyə Nazirliyinin 113 xidmətinə məlumat verilib. Bununla əlaqədar Bakıdan Siyəzən xəstəxanasına sanaviasiya ilə mütəxəssislər ezam olunub. Siyəzəndə müraciət edənlərin hər birinə ilkin tibbi yardım göstərilib və evlərinə buraxılıb.
Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olmuş 16 nəfərdən nisbətən vəziyyətləri ağır olan 8-ə stasionar, digərlərinə ambulator yardım göstərilərək evlərinə buraxılıblar. Zərərçəkənlərin hamısı Şabran rayonunun Ağbaş kəndinin sakinləridir və onlar dünən Siyəzəndə yerləşən "Çıraqqala" şadlıq sarayında toy məclisində olublar.
Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən adıçəkilən restoranından nümunələr götürülmüş Bakıya Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzinə göndərilib.