Azərbaycandakı uşaqlarda ən çox yayılan xəstəliklər açıqlandı
31 mart 2016 13:06 (UTC +04:00)

Azərbaycandakı uşaqlarda ən çox yayılan xəstəliklər açıqlandı

 

2015-ci ilin məlumatlarına görə, ölkədə uşaqların 92%-i icbari dispanserizasiya tədbirlərinə cəlb olunub. Müayinələr nəticəsində uşaqların 5%-ə qədərində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkar edilib.

 

Lent.az-ın məlumatına görə, bu barədə bu gün Elmi-Tədqiqat Pediatriya İnstitutunda Azərbaycanda uşaqların icbari dispanserizasiyasına həsr olunan tədbirdə deyilib.

 

Bildirilib ki, xəstəliklərin əksəriyyəti tənəffüs yolllarının xəstəlikləri, uşaqlıq dövründə rast gəlinən xəstəliklər və qurd invaziyaları olub.

 

“Azərbaycanda uşaqların icbari dispanserizasiya haqqında Qanun”un 18 yaşına qədər uşaqları, yəni 2,6 milyondan çox uşağı əhatə etdiyini deyən  Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev  bildirib  ki, yenidoğulan və 3 yaşına qədər olan uşaqlar ildə bir neçə dəfə, 3 yaşından böyük olan uşaqlar isə il ərzində kompleks tibbi müayinələrə cəlb olunurlar. İcbari dispanserizasiya tədbirləri dövlət səhiyyə müəssisələrində dövlət vəsaiti hesabına həyata keçirilir.

 

N. Quliyev bildirib ki, müayinələr nəticəsində uşaqların 5 faizə qədərində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb: “Keçən il ölkənin 39 rayonu üzrə 652 108 uşaq icbari dispanserizasiyadan keçib. Bunların 9 237-si sağlamlıq imkanları məhdud, 574-ü valideyn himayəsindən məhrum uşaqlar, 24-ü isə cəzaçəkmə müəssisəsində olan uşaqlar olub. Müayinə nəticəsində 8 373 uşaqda tənəffüs sistemi xəstəlikləri,  5 039 uşaqda qan və qanyaradıcı orqanların xəstəlikləri, 3 121 nəfərdə mərkəzi və periferik sinir sistemi xəstəlikləri, 2 687 uşaqda endokrin sistemi, 2 617 uşaqda həzm sistemi, 2 452 uşaqda göz və göz aparatının xəstəlikləri, 1 954 uşaqda ürək qan-damar sistemi xəstəlikləri, 1 386 uşaqda dayaq-hərəkət sistemi xəstəlikləri, 931 nəfərdə sidik-cinsiyyət sistemi xəstəlikləri, 722 uşaqda dəri və dərialtı toxumanın xəstəlikləri, 134 uşaqda psixi və davranış pozuntuları, 53 uşaqda isə onkoloji xəstəliklər aşkar olunub". 

 

Tədbirdə qeyd edilib ki, uşaqların icbari dispanserizasiyası üzrə keçirilən müayinələr hərtərəfli aparılır. Həkim briqadalarına həkim pediatrdan başqa, həkim nevropatoloq, oftalmoloq, cərrah, otorinalarinqoloq, endokrinoloq, stomatoloq və ehtiyac olduqda digər mütəxəssislər cəlb olunur. 

 

Tibbi müayinələr zamanı uşaqlarda aşkar olunan xəstəliklər və yaxud sağlamlığın pozulması riski müəyyən edildikdə, uşaqlar dispanser qeydiyyatına götürülür və onlar müalicə-sağlamlaşdırıcı tədbirlərə cəlb olunurlar.

 

İcbari dispanserizasiya tədbirləri, bir qayda olaraq, ilkin səhiyyə müəssisələrində, yəni uşaq ambulator klinik müəssisələrdə, məktəblərdə, bağcalarda həyata keçirilir. Eyni zamanda, respublikanın rayonlarında kənd yerlərində uşaqları icbari dispanserizasiya tədbirlərinə cəlb etmək üçün səyyar həkim briqadaları təşkil olunur.

 

Hazırda ölkədə uşaqların icbari dispanserizasiyası tədbirləri davam etdirilir, aprel-may aylarında briqadaların regionlara ezam olunması planlaşdırılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Fərizə Əhmədova

Oxşar yazılar