Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlara müraciət edib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeydiyyatdan keçmiş həmin bakalavrlar 22-25 aprel tarixlərində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və aprelin 26‑dan 28‑dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Qabiliyyət imtahanı Bakı şəhərində, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) keçiriləcək.
Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyətini təsdiq edən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni, dövri mətbuatda, radio və televiziyada, internet KİV‑lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda) gətirməlidirlər.
Nəzərinizə çatdıraq ki, qabiliyyət imtahanı, həmçinin bakalavrların magistarturaya qəbul imtahanının ikinci mərhələsində yazacaqları inşaya (esseyə) qoyulan tələblər və onların qiymətləndirmə meyarları haqqında ətraflı məlumat “Magistr” jurnalının 2016-cı il tarixli 3-cü sayında verilib.
Qeyd edək ki, aprelin 11‑dən 20‑dək TQDK-nın internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qabiliyyət imtahanına qeydiyyatı aparılıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan 25 nəfər bakalavr həmin müddət ərzində anketi doldurmaqla qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib ki, onların 22 nəfəri Azərbaycan bölməsi, 3 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir.