"Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açacaq". APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şərqi Azərbaycan əyaləti üzrə Azad İslam Universitetin rektoru Əziz Cavanpur bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Ə. Cavanpur universitetin İranın Azərbaycandakı səfiri və bu sahənin məsul şəxsləri ilə bu haqda danışıqlar apardığını bildirib: “Universitet müxtəlif ixtisaslar, xüsusi ilə tibb ixtisasları üzrə tələbələr qəbul edəcək”.
Qeyd edək ki, Azad İslam Universiteti İranın ən böyük universitetlərindən biridir. Universitet 1982-ci ildə İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən təsis olunub.
Universitetin rektoru Fərhad Rəhbər və rəyasət heyətinin sədri Əli Əkbər Vilayətidir. Azad İslam Universitetin İngiltərə, BƏƏ, Livan və Əfqanıstanda filialları fəaliyyət göstərir.