Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin strukturunda dəyişiklik edilib,
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi proseduralarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyində yeni şöbə yaradılıb. Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi üçün yaradılmış yeni şöbə sahibkarlara və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə xüsusi razılığın (lisenziya) verilməsi sahəsində xidməti təşkil edəcək.
Bundan başqa, sahibkarlığın inkişafı siyasəti şöbəsinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, 195-2 Çağrı Mərkəzinin səlahiyyətləri genişləndirilib.
Onu da qeyd edək ki, bundan sonra bütün xüsusi razılıqlar (lisenziyalar) İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində veriləcək.
Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyaların sayının azaldılmasına və proseduraların sadələşdirilməsinə dair təkliflər hazırlanır. Eyni zamanda, texniki-təşkilati istiqamətlərdə də işlər davam etdirilir, "ASAN xidmət" mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına treninqlər keçirilir.