İqtisad Universitetində SABAH Qrupları ilə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri arasında “İstedad Keyfiyyətin Təməlidir” adlı müsabiqə keçirilib.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi tələbələrin İKT sahəsinə marağını artırmaqdır.
Belə ki, müsabiqənin şərtlərinə əsasən, hər biri 4 tələbədən ibarət olan komandalar iqtisadi mövzuları əks etdirən sayt yaratmalıdırlar. Komandalara iki həftə vaxt verilib. Saytı yaradarkən onun sosial mühitin tələblərinə uyğunluğu, keyfiyyəti və mövzu ilə bağlı bazarın düzgün araşdırılması əsas götürülüb.
Müsabiqənin final mərhələsinə 6 komanda vəsiqə qazanıb. Final mərhələsində SABAH qrupunun tələbələrindən ibarət komandanın hazırladığı sayt bazarın araşdırılması və keyfiyyət baxımından yüksək qiymətləndirilərək, birinci yerə layiq görülüb. İkinci və üçüncü yerləri Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət komandalar qazanıb. Qaliblərə sertifikat və mükafatlar təqdim edilib.
Sonda ADİU tələbələrinin İKT bacarıqlarını inkişaf etdirmək məqsədi ilə “İstedad Keyfiyyətin Təməlidir” müsabiqəsinin hər il keçirilməsinə qərar verilib.