Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı, “Paşa Bank”ın və “InvestAZ” şirkətinin dəstəyi ilə Kapital Bazarı üzrə Təlim Mərkəzinin seminarlarında yüksək intellekti ilə seçilmiş tələbələr arasında müsabiqə keçirilib.
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, QKDK tərəfindən təşkil edilən tədbir “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilib.
Tədbirdə çıxış edən İqtisad Universitetinin rektoru Ədalət Muradov ölkədə yüksək intellektual səviyyəyə, milli düşüncəyə və vətənpərvərlik ruhuna malik gənclərin yetişdiyini vurğulayıb. Ə.Muradov gənclərin cəmiyyətdə fəallığının artırılmasına, onların bilik səviyyəsinin və bacarıqlarının yüksəlməsinə xidmət edən bu tədbirlərin keçirilməsini sevindirici hal kimi qiymətləndirərək, müsabiqənin təşkilinə görə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Daha sonra QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov gənclərin cəmiyyətin dinamik inkişafında mühüm rol oynadığını bildirərək, prezident İlham Əliyevin qayğısı sayəsində gənc nəslin potensialının üzə çıxarılması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Tədbirin sonunda yarışın ilk 3 yerinin qalibləri üçün İnvestAZ şirkəti tərəfindən ticarət hesabı açılıb, həmçinin QKDK tərəfindən müsabiqənin bütün iştirakçılarına sertifikatlar və “Paşa Bank” tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunub.